Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində qrup nümayəndələri ilə görüş keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, fakültənin dekanı, dosent Mayis Əzizov belə görüşlərin ənənəvi olaraq təşkil edildiyini xatırladıb.
O, birgə müzakirələrin əsas məqsədinin tədris prosesi zamanı yarana biləcək problemlərin vaxtında aşkara çıxarılması və onların qarşısının alınması istiqamətində təkliflərin verilməsindən ibarət olduğunu bildirib. 2022/2023-cü tədris ilinin yaz semestrində fənlər üzrə bütün qrupları əhatə edən SDF (semestr daxili fəaliyyət) nəticələrini tələbələrlə bölüşən M.Əzizov, eyni zamanda, tələbələrin ümumi tədris prosesində yüksək nəticələr əldə etməsi, onların fəallığının daha da artırılması yönündə fikirlərini nəzərə çatdırıb.
Fakültənin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov tələbələrlə baş tutan növbəti görüşün əhəmiyyətinə diqqət çəkib. Universitetin daxili intizam qaydalarının tələblərinə toxunan və onlara əməl etməyin vacib olduğunu vurğulayan E.İbadov çıxışında fakültə üzrə sonuncu kursda təhsil alan tələbələrin istehsalat təcrübəsinin gedişatı məsələlərindən də bəhs edib.
Sonra fakültənin müəllim və tyutorlarının da iştirak etdiyi görüşdə tələbələri narahat edən məqamlara aydınlıq gətirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.